Kürəkçay müqaviləsi
Kürəkçay müqaviləsi (rus. Кюрекчайский договор) — Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi barədə müqavilə.
== Müqaviləyə qədər siyasi şərait ==
Rusiya imperiyasının XIX əsrin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi. Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahimxəlil xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır. Çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələrdən, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər (Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi, Kartli-Kaxeti çarlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi, I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri, Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgiyevsk müqaviləsi, Car-Balakən andlı öhdəliyi, Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtlər, Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri və b.) nəzərdən keçirildikdə aydın olur ki, onun bağlanılması zamanı bəzi istisnalarla məhz 1783-cü il Georgiyevsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdür. Faktlar sübut edir ki, İbrahim xan onun şərtləri ilə yaxından tanış idi.